iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://web.archive.org/web/20190327141753/http://www.sherg.az/site/id-25403/details
Əhməd bəy Ağaoğlunun dəfni - ARAŞDIRMA (III YAZI) - sherg.az
The Wayback Machine - https://web.archive.org/web/20190327141753/http://www.sherg.az/site/id-25403/details
2017-01-24 20:13:41   |   809 dəfə oxunub

Əhməd bəy Ağaoğlunun dəfni - ARAŞDIRMA (III YAZI)



Bu böyük Azərbaycan türkünün ölüm xəbəri İstanbulu silkələdi. Ailə üzvləri, yaxın dostları, İstanbul mətbuatında çalışan qələm yoldaşları Əhməd bəyin səhhətinin artıq düzəlməyəcəyini bilirdilər. Ancaq qəzet səhifələrində onun qələmindən çıxan yazılarını, polemik üslubdakı publisistik məqalələrini axtaran minlərlə insan Ustadın ölüm yatağında sayılı günlər yaşadığından xəbərsiz idilər. İndi onlar ölüm xəbərini müxtəlif qəzetlərdən oxuyub təəssüf hissi keçirirdilər.

Türkiyə mətbuatında Ə.Ağaoğlunun ölümü və dəfni barədə onlarla məqalə, xatirə və reportajlar dərc olunub. Həmin məqalələrin bəzilərini "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan türkcəsinə uyğunlaşdırıb. İndi həmin yazıların bir qismini oxuculara çatdırırıq.


(Əvvəli ötən sayımızda)

Acı bir itki

İstanbul 19 (telefonla)

Bir müddətdir ki, xəstəlik səbəbindən rahatsız olan, evində müalicə alan keçmiş millət vəkili və qəzetəçi Əhməd Ağaoğlu bu gün günortadan sonra qaraciyər iltihabından ürək çatışmamazlığı nəticəsində vəfat etmişdir. Sabah münəvvər gəncliyin və universitet tələbələrinin iştirak edəcəyi mərasimlə cənazəsi qaldırılacaqdır. Mərhum ölümündən bir az əvvəl ailəsini və övladlarını yanına çağıraraq vəsiyyət edib: "İnsan vicdanlı bir makinadır. Hər bir makina mütləq günlərin birində hərəkətdən qalır, işləksiz olur. Həyatımızı hamımız üçün tale yazısı olan ölümdən savayı heç nəyə təəssüf etməyin. Sizə mətin olmağı tövsiyə edirəm. Bir-birilərinizdən ayrılmnayın”.
Bu sözləri dedikdən bir müddət sonra gözlərini həyata əbədi yummuşdur. Uzun illər qəzetəçi, mətbuat ümummüdiri, professor olan, türk irfanına xidmət edən Ağaoğlu türk dünyasında tanınmış mütəfəkkir, yaxşı və idealist bir insandır. Müxtəlif qəzetlərdə baş redaktor olmuş, türk gəncliyinə bir çox əsərlər əmanət etmişdir. Bütün bunlarla yanaşı, övladları məmləkətdə iftixar ediləcək dərəcədə yetişmişlər. Ailəsinə, övladları Sürəyya Ağaoğluna, Tezər Taşkırana və dostlarına baş sağlığı veririk.

"Ulus” qəzeti 

Əhməd Ağaoğlu dünən mərasimlə dəfn olundu

Qəbrin önündə bir çox xatiblər böyük türk mütəfəkkirinin məziyyəblərindən danışıb, xatirəsini yad etdilər.
Böyük türk mütəfəkkiri Əhməd Ağaoğlu bu gün sevdiklərinin ehtiramı ilə əllər üzərində əbədi istirahət yerinə gətirildi. Sabah erkəndən İhlamurda geniş, yaşıl sahələrlə əhatələnən evinin hər tərəfi, bağçası son vəzifələrini yerinə yetirməyə çalışan arkadaşı, dost və sevdikləri, elm-mədəniyyət müəssisələrinin göndərdikləri çiçəklərlə dolmuşdu.
Dəfn mərasiminə gələnlər sırasında vali Lütfü Kırdar, Fəthi Okyar, İstanbuldakı millət vəkilləri, səfirlər, universitet professorları, bütün mətbuat işçiləri heyəti, dostları, qohumları ilə yanaşı, "Çapa” qız müəllim məktəbi tələbələri və bir hissə əsgər də vardı. Cənazə saat 11:15-də evin önünə endirildi. Burada keçirilən qısa dini mərasimindən əllər üzərində Təşvikiyyə camisinə gətirildi.
Saat 12:30-da namaz qılındıqdan sonra cənazə yenə əllər üstündə Fehriköy qəbiristanlığına gətirildi və orada göz yaşlarıyla məzara dəfn edildi. Dini mərasimdən sonra doktor Fəthi, Peyami Safa, İsmayıl Həbib və Əhməd Cəfəroğlu, mərhumun yaxın dostu, İzmirli Camal böyük türk aləminin idealist ruhunun bu məmləkətdə yaratdığı böyük türkçülük cərəyanlarının dəyəri ətrafında söz söylədilər və mütəfəkkir, milli şəxsiyyət Ağaoğlunun yüksək məziyyətlərini həyəcanla yad etdilər.

























Acı bir itki

Mühərrir Əhməd Ağaoğlu dünən vəfat etdi

Dəyərli mütəfəkkir və mühərrir, dostumuz Əhməd Ağaoğlunun ölümünü dərin bir təəssüflə xəbər aldıq. Bir neçə gün əvvəl qaraciyər iltihabından yaranan ürək zəifliyindən qüvvətdən düşərək xəstəlik onu yatağa salmışdı. İllərdən bəri nəfəs çatışmamazlığından da iztirab çəkən, zaman-zaman keçirdiyi krizislərlə dostlarında əndişə yaradan Əhməd Ağaoğlu dünən günortadan sonra son dəqiqələrini yaşadığını anlamış və başına toplaşan övladlarına demişdir: 

"Ölüm təbii bir hadisədir, ona görə də təəssüfə qapılmayın. Daim bir-birinizə yaxın olun”.

 Bu sözləri söyləyib, tövsiyələrini bildirərək, böyük sükunət içində gözlərini həyata qapamışdı.

Mərhum 1285-ci sənədə, rus Azərbaycanının Qarabağ şəhərində doğulmuş, Peterburq və Parisdə ali təhsil almışdır. Fars, rus, fransız, ingilis dillərini bilirdi. Məşrutiyyət sıralarında İstanbula gəldikdən sonra qəzetçilik həyatına atıldı və bir çox məcmuələrdə məqalələr nəşr etdirdikdən sonra uzun illər "Tərcümani-həqiqət” qəzetinin baş mühərrirliyini yerinə yetirdi. "Əhməd Ağayev” imzası ilə yazdığı elmi, tarixi və siyasi məqalələrində kültür cövhəri, hissi hələ o zamanlarda onu şöhrətləndirmişdi. Darülfünunda türk mədəniyyət tarixi kürsüsünə gətirilən Əhməd Ağaoğlu bir yandan dərslər verir, konfranslar keçirirdisə, digər yandan bir çox məcmuələrlə bərabər, "Türk yurdu”ndakı məqalələri ilə türk millətçiliyinin ən böyük savaşçılarından biri olmuşdur. Böyük hərbdə Afyonkarahisar millət vəkili idi.

Mütarikə illərində Maltaya sürgün edilmiş, oradan çıxandan sonra Ankaraya gedərək, Böyük Millət Məclisində Qars millət vəkili olmuşdur. Bir müddət mətbuat ümumüdirliyi və "Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktorluğunu həyata keçirən Əhməd Ağaoğlu zəfər və inqilab illərində siyasi, elmi fəaliyyətinə böyük həvəslə, eşqlə davam etmişdir. Təkrar İstanbul Universitetində "Türk hüququ tarixi” kafedrasının müdirliyinə təyin edilən mərhum universitetdəki fəaliyyətini bir müddət əvvələ qədər davam etdirmişdi. "Sərbəst firqə”nin dağılmasından sonra siyasi həyatdan çəkilməsinə baxmayaraq, "Cümhuriyyət”də və digər məcmuələrdə səhhəti imkan verdiyi qədər məqalələr və xatirələr yazırdı. Bir neçə ildən bəri onu yatağa salan xəstəliyinə rəğmən böyük zəkasını və hafizəsini itirməmişdi. Son baş redaktorluğu "İkdam” qəzetində olub. Son on günə qədər məmləkət və dünya hadisələri ətrafında fikirlərini çap etdirirdi. Bütün ictimai-siyasi, mədəni həyatını türk millətçiliyi və fikir azadlığı üçün mübarizə aparan Əhməd Ağaoğlunun ən başlıca əsərləri "Üç mədəniyyət”, "Hindistan” və qəzetimizdə silsilə halda çap olunan "Sərbəst insanlar ölkəsində” adlı kitablarıdır.

Şəfqətli ata və müvəffəqiyyətli bir müəllim olan Əhməd Ağaoğlunun ölümündən doğan dərin təəssüf hisslərimizi bildirməklə, yetirdiyi övladlarına və bütün ailəsinə səmimi təziyələrimizi çatdırırıq.

Hadisələr arasında Əhməd Ağaoğlu

Atamdan sonra əlaqəmizə görə ən çox sevdiyim Əhməd bəydir. Dünən bu fəlakətli xəbəri gec aldım. Ömrümün sayılı böyük kədərləri içərisində bu sətirləri tələsik yazmağa məcburam. Belə bir anda və belə bir dar qəzet sütunu çərçivəsinə onun portretini zədələmədən sığışdırmaq imkanı olmadan, özündən və özünə layiq böyük təhlilli yazıda şübhəsiz bəhs edəcəyəm.

Əhməd Ağaoğlu uzaq bir türklük aləmində doğulduğundan, böyük bir ruh yüklü məsafə qədəri içində, üstəlik bir də orta idrakı aşan böyük bir şəxsiyyət çapına sahib olduğundan, yazıları və siyasi həyatı ilə az anlaşılmış bir insandır. Hər müstəsna ruh kimi, o da orta idrakın yanlış təfsirinə uğramış olmanın qəhri içində öldü. Nəyinə lazımdır siyasət? Fəqət, Ağaoğlu bütün fikirlərini, mücərrəd məfhum qabından kənara sıçrayan bir iç atəşi ilə isitdiyi üçün təsirsiz, əks əməlsiz və qovğasız elmi düşüncənin soyuq mərmər yatağında rahat ola bilmir. Heç olmazsa, dostları ilə münaqişə yaratmaq üçün sıx-sıx yerində fırlanırdı. Fikir çəkişməsi tərbiyəsinə və qaydalarına alışmamış mühitdə Ağaoğlu huysuz, bədbin və mənfi görünməyə məhkumdur.

Ancaq onun qafa və ruh məhrəmiyyətinə daxil olanlar dərhal iki böyük eşqlə təmas yaradırdı. Bunlardan biri türk eşqi, insandan uca eşqdir. Ağaoğlu bunlardan birincisi ilə qara millətçi, ikincisinə görə qara demokrat və liberaldır. Onu 89 inqilabına bağlı geridəqalmış bir hüquqçu inadı ilə damğalamaq istəyənlər çox səhv və yanlış anlayırdılar. Hələ onu uzaq bir türk dünyasında doğulduğu üçün bir gəlmə adlandırıb, yanaşma ortaya qoyanlar, onun ruhunun ən təmiz və bir irz qədər tərəfinə zərbə vurmuş olurlar. Əhməd Ağaoğlu Parisdə və ya Londonda doğulmuş ən böyük fikir adamı qədər zəka çevikliyinə və zənginliyinə sahibdir. Ərzurumda və ya Konyada doğulmuş ən milliyyətçi türk qədər də türkdür. Onu Qarabağın axundları arasından qaçıraraq, Peterburqa və Parisdə oxumağa, fransız qəzetlərinə yazı yazmağa, məşrutiyyətdən dünənə qədər də qarasevda ilə sevdiyi Qərb türkləri arasında məmləkət davaları üçün coşmağa və didişməyə sövq edən bu iki eşqdən başqa nə idi ki?
Onun bir baxışı aramızda bəzi fikir və dava ixtilaflarını dərhal əridir, məni bu eşqin isti ruh mərkəzində təmasa gətirən bir anlaşma dəvəti idi, qucaqlaşmaqla bitərdi.

Səhərə qədər sürən münqaişələrimiz, çılğınlıqlarımız, fikir ayrılıqlarımız, bütün o sevgi və fikir talantları indi bir xatirədənmi ibarətdir? Nə müdhiş şey!

Peyami Safa



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb





SON XƏBƏRLƏR

2019-03-27