İran azərbaycanlıları Səid Mətinpurun azadlığa buraxılmasına sevinir
- 28 Avqust 2015
Tehranın Evin həbsxanasında saxlanılan tanınmış azərbaycanlı fəal və jurnalist Səid Mətinpur 7 il 2 ay sonra azadlığa çıxıb.
Mətinpurun azadlığa çıxmasına səbəb, onun barəsində seçilmiş 8 illik həbs-qətimkan tədbirinin bir ilə yaxın azaldılması olub.
Lakin fəal şərti azadlığa buraxılıb, Kaleme saytı yazır.
Çərşənbə günü axşamından bəri fəala həsr edilmiş Facebook səhifəsində azərbaycanlılar bir-birini "Kutlu olsun!" və "Gözün aydın, Azərbaycan!" deyərək təbrik edir.
Vaxtından əvvəl
Səid Mətinpurun həbs müddətinin 10 ay erkən başa çatması İranın "siyasi məhbuslarla" bağlı mövqeyinin yumşalması demək deyil, İsveçdə yaşayan azərbaycanlı hüquqşünas Saleh Kamrani deyir.
Onun fikrincə, bu, İran İslam Respublikası cəza qanunun təmin edilməsilə bağlı ola bilər. Belə ki, Səid Mətinpur "xaricilərlə əlaqə" ittihamlarına görə 7 il, İran əleyhinə təbliğat aparmağa görə 1 il müddətinə həbs cəzasına layiq görülüb.
İran qanunvericiliyinə görə, o bir ittiham üzrə uzunmüddətli cəza çəkdikdən sonra, ikinci cəza müddətindən - 1 ildən azad olunub.
Ancaq qanunun digər - 58-ci maddəsinə görə, daha öncə cinayət işlətməmiş şəxs, həbs olunduqdan sonra nümunəvi davranış göstərərsə, o, həbs müddətinin üçdə bir hissəsini çəkməkdən azad olunur.
"Ancaq əgər buna əməl olunsaydı, gərək Səid bəy çoxdan azad olunaydı", cənab Kamrani BBC Azərbaycancaya deyib.
İranlı azərbaycanlıların reaksiyası
Azərbaycanlılar bu xəbəri böyük sevinclə qarşılayıb, hazırda ABŞ-ın Seattle şəhərində yaşayan azərbaycanlı jurnalist və fəal Ramin Cabbarlı deyir.
"Səid Mətinpur İranda irqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizə aparmış biridir. Odur ki, güneyli azərbaycanlılar əsassız və məntiqsiz ittihamlarla uzun müddət həbs edilmiş bir şəxsin azadlığını sevinclə qarşılayıblar", o BBC Azərbaycancaya deyib.
Səid bəy azadlığa çıxdıqdan sonra onunla görüşən insanlarla danışa bilmişəm, o 8 il əvvəl olduğu kimi iradəlidir və möhkəmdir, Ramin Cabbarlı deyir.
O xatırladır ki, Təbrizdə və Ərdəbildə uzun müddət azadlığından məhrum edilən azərbaycanlılar var. "Məsələn, yeni GAMOH hərəkatının qurucu heyətinin üzvləri 9 il müddətinə həbs olunub".
Ramin Cabbarlının fikrincə, Səid Mətinpur "cənubi azərbaycanlıların azadlıq hərəkatında birləşdirici rol oynaya biləcək" biridir.
"Cənubi Azərbaycanın Mandelası"
Mediada "Cənubi Azərbaycanın Mandelası" adlandırılan Said Mətinpur 25 may 2007-ci ildə Zəncanda saxlanılıb.
O, əcnəbilərlə əlaqə və hökümətə qarşı təbliğat aparmaqda ittiham edilərək 8 illiyə həbs edilib.
Mətinpur saxlanılarkən dərhal Evin həbsxanasında aparılıb və orada 278 gün istintaqda olub.
O daha sonra zəmanətə buraxılsa da, 2009-cu ildə yenidən həbs olunub və 2014-cü ilin oktyabrına kimi, əsasən "siyasi məhbuslar" kimi tanınan şəxslərin saxlandığı Evin həbsxanasında qalıb. Həmin vaxtdan sonra o, Zəncan şəhərinin həbsxanasına köçürülüb.
Fəlsəfə təhsili almış Mətinpur bloqçu və Azərbaycan dilində həftəlik nəşr edilən Yapraq qəzetinin redaksiya üzvü olub.