Bu gün “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin premyerası olub.
“Qafqazinfo” xəbər verir ki, premyera Heydər Əliyev Mərkəzində baş tutub.
Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.
Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır.
Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər dəyərli sənətçiləri yer alır.
Kadrarxası mətni xalq artisti Fəxrəddin Manafov səsləndirib.
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
Qeyd edək ki, film dekabrın 5-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.