“Abzas Media” işi üzrə həbs edilənlərin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib.
“Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən şəxslərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Məhkəməyə hakim Rasim Sadıqov sədrlik edəcək. Müttəhim kürsüsündə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə əyləşəcək.
Yeddi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin yeddi maddəsi - 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə yekun ittiham elan edilib.
Abzasçılar təqsirli bilinəcəkləri halda 12 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.