Sifətlərdən əvvəl gələrək çoxaltma dərəcəsi əmələ gətirir. Daha yaxşı. Daha bərk. Daha sağlam. // Zərflərlə birlikdə işləndikdə müqayisə dərəcəsi düzəltməyə xidmət edir. Əvvəlkindən daha bərk yağır. Bu il yay keçən ilkindən daha isti keçir. – Qasım bəydə tacirlik damarı daha qüvvətli idi. A.Şaiq. Qarı bu səsi daha dərindən dinləmək üçün gözlərini yumdu. Ə.Məmmədxanlı. Əşrəf daha böyük bir maraqla təqibə girişdi. S.Rəhman. // Bəzən “da” ədatı ilə işlənərək, əvvəlki mənanı qüvvətləndirir. Şəhərimiz daha da gözəlləşmişdir. – Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu. M.Hüseyn. [Zeynal] bilirdi ki, Mehribanı təqib edəcək olsa, onu daha da əsəbiləşdirər. Ə.Məmmədxanlı.
Miqdar və ya vaxt əlavəsini bildirir. Daha bir saat gözləyin. Qatarın yola düşməsinə daha bir-iki dəqiqə qalmışdır.
Əlavə bildirir: başqa, digər, üstəlik, yenə. Bir dəfə daha. Daha nə var? Daha vardırmı? Daha yoxdur. – Ortalıqda .. daha başqa yeməli şeylər vardır. Ə.Əbülhəsən. // Bundan artıq, bundan ziyadə, bundan qeyri. Daha heç nə istəmirəm. Sənə daha nə lazımdır? Daha nə kimi şeylər var? – Mən daha danışmadım. M.S.Ordubadi. Lakin adamlar Mingəçevirdə Qafarın daha bir işini xatırlayırlar. Ə.Sadıq.
Bir şeyin baş vermiş olduğunu, yaxud olub bitdiyini bildirir; artıq. ..Qəhrəman Nübar qarının evində daha hörmətdən düşürdü. S.Rəhimov. [Hava] yarım saat əvvəl çox gözəl idi, indi daha külək qalxmışdır. M.Hüseyn. // İnkar cümləsində: bundan sonra, bundan belə, artıq. Daha belə işlər görmə. Daha oraya getmə. Daha ağlama. Daha o bizim evdə yaşamır. // Eyni mənada bəzən “bir” sözü ilə bərabər işlənir. Bir daha gözümə görünmə. – [Qız] mənə bir daha görünmək istəmirdi. S.Hüseyn.
Hələ [Şərifə] daha çocuqkən anasını itirmişdi. S.Hüseyn. _ Daha doğrusu – bax doğru1.