Qars müqaviləsi
Qars müqaviləsi (ing. Treaty of Kars; türk. Kars Antlaşması; rus. Карсский договор) — Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış sülh müqaviləsi.
1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir.
Qars müqaviləsini imzalayanlar
[redaktə | mənbəni redaktə et]Bir tərəfdə Ermənistan Sovet Sosialist Respublikası, Azərbaycan Sovet Sosialist Respublikası və Gürcüstan Sovet Sosialist Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər: Ermənistan Sovet Sosialist Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı; Poqos Makinzyan, xalq daxili işlər komissarı. Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı. Gürcüstan Sovet Sosialist Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı. Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı; Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili; Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi. Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə.
Qars müqaviləsi və erməni narazılıqları
[redaktə | mənbəni redaktə et]Qars danışıqları və müqaviləsi, onun ayrı-ayrı maddələri Ermənistan və diaspor erməniləri tərəfindən birmənalı qəbul olunmadı. Əgər "Sovet Ermənistanı" qəzeti "Qars sülh konfransı" adlı yazısında (27.IX.1921) bu danışıqları Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirirdisə, əks mövqedə dayanan qüvvələr və onların mətbu orqanları məsələyə başqa səpkidən yanaşırdılar.
Təbrizdə çıxan "Hayk" qəzetinin "Pərdə götürülmüşdür" adlı baş məqaləsi (13.XI.1921) bu baxımdan olduqca maraqlıdır. Orada yazılırdı ki, şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər.
Məqalədə Qars müqaviləsinin nəinki Ermənistana, habelə Rusiyanın özünə də heç nə vermədiyi və sanki türk qoşunlarının təntənə ilə Moskvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirmələri təsiri bağışladığı göstərilirdi. Bu yazı belə bir sonluqla bitirdi: erməni xalqının "xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənistan da onun qurbanıdır.
Daşnakların orqanı "Çakatamart"ın "Ermənistanda vəziyyət" adlı yazısında (6.XII.1921) Qars konfransının qərarlarından yalnız azərbaycanlıların razı qaldıqları bildirilirdi. Bütün bunlar, sözsüz, daşnak təbliğatı idi və tarixin sübuta yetirdiyi kimi, Rusiya zamanın və şəraitin, habelə öz siyasi məqsədlərinin imkan verdiyi səviyyədə Ermənistan üçün çox şey eləmişdi və edirdi də.
Qars müqaviləsinin nəticələrindən narazı qalan və onun ermənilər üçün xeyirsiz olmasından (Naxçıvan bölgəsi, habelə digər ərazilərin ələ keçirilə bilməməsi və s.) şikayətlənən Ermənistandakı müəyyən dairələr və diaspor sakitləşməyərək başqa arxalar, vasitə və üsullar axtarışına girişmişdilər. Onlar hələ Moskva və Qars müqavilələri arasındakı bir dövrdə Millətlər Liqası cəmiyyətlərinin Cenevrədə keçirilən qurultayının (VI.1921) belə bir qətnamə qəbul etməsinə nail oldular: erməni millətinin müdafiəsi və inkişafı beynəlxalq ədalətin borcudur və erməni məsələsini ədalətlə həll etmədən Şərqdə sülh yaratmaq mümkün deyildir.
Türkiyənin "Vəqt" qəzetinin (30.X.1921) belə bir məlumatından aydın olur ki, "erməni məsələsi" Vaşinqton konfransının (12.XI.1921-6.II.1922) gündəliyinə daxil edilmədiyindən Amerika erməniləri, ümumiyyətlə, Yaxın Şərq və o cümlədən də, həmin problemin orada müzakirəsinə çalışırdılar. Erməni milli demokratlarının orqanı "Joqovurdi Dzaiyn" qəzetində (22.XII.1921) aşağıdakı maraqlı məlumatlar dərc olunmuşdu:
1921-ci il noyabrın 21-də erməni milli demokratlarının və gənc hnçakçıların nümayəndələri (B.Kurkçan, V.Malkolm – Roma və Londondakı keçmiş İran səfiri Mirzə Mülkümxan Mamikonyanın oğlu, Amerika Erməniləri İttifaqı Siyasi şöbəsinin üzvləri və katibi Q.Papazyan) "Ermənistan-Amerika komitəsi"nin katibi Montqomerinin vasitəçiliyi və həmin komitənin sədrinin müşayiətilə ABŞ prezidenti U.Hardinqin qəbuluna (21.XI.1921) gedərək Türkiyə Ermənistanının azad olunmasını tələb etmişdilər. Elə həmin gün Dövlət katibi A.Brianın qəbulunda olan daşnakların nümayəndələri isə Rusiya Ermənistanının azad edilməsi tələbini qoymuşdular.
Hər iki görüş zamanı gedən müzakirələrdən bəlli olur ki, ermənilər Moskva və Qars müqavilələrinə məhəl qoymayaraq öz qonşularına, o cümlədən də Azərbaycana və onun Naxçıvan bölgəsinə dair ərazi iddialarını təkrarən müdafiə etmişdilər. Qars konfransından sonra qaldırılan "erməni məsələsi" ilə bağlı Atatürkün bir fikrini burada xatırlatmaq yerinə düşərdi. O, çıxışlarından birində (1.III.1922) demişdi ki, bizim Şərqdəki faktiki vəziyyətimiz Qars müqaviləsilə hüquqi forma almışdır və bu müqavilə Sevr müqaviləsinin tətbiqolunmazlığını sübut edən amillərdən biridir, "erməni məsələsi" deyilən bu məsələ isə özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır.
Ermənilərin hədsiz və eyni zamanda imkanları ilə əsla uzlaşmayan iddiaları Qərbin müəyyən dairələrində də birmənalı qarşılanmırdı. Məsələn, vaxtilə Ermənistana ABŞ-nin Ali komissarı təyin olunan polkovnik U.Haskel erməni xalqını "peşəkar dilənçi" şəklində səciyyələndirərək yazırdı ki, ermənilər oğru, yalançı, tamamilə alçalmış, özlərinə yardım göstərməyi bacarmayan və bir-birlərinə kömək etmək istəməyən və hər cür minnətdarlıq duyğularından yoxsul olan kimsələrdilər; erməni xalqı arasında yurd duyğusu olmadığı kimi, ölkəni idarə etmək qabiliyyəti, inkişaf üçün pul və mənbə də yoxdur; qaçqınlar üçün açılan xəstəxanalardakı naxoşlara muzdla baxan ermənilər dava-dərmanları oğurlayaraq satırlar və s. İngiltərənin Xarici İşlər naziri Lord C.Kerzon erməni liderlərini "dəyərsiz kimsələr" adlandırırdı. Həmin nazirliyin müşaviri Hardinq isə ermənilərin xarakterini yaxşı bildiyindən onların hərəkətlərinə təəccüblənmədiyini söyləmişdi.
Qars müqaviləsinin ləğvinə uğursuz cəhdlər
[redaktə | mənbəni redaktə et]II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi.
1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı Türkiyə səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: o, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər.
Hətta SSRİ iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.
2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri KİV-də gündəmə gəlmişdir.[1]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Müqavilənin 90 illiyi ilə əlaqədar "21-ci ilin payızı" adlı film çəkilmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rusiyadan şok iddia: Naxçıvan təhlükədə". 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08.
- ↑ "Qars müqaviləsi haqqında "1921-ci ilin payızı" filmi çəkilir". Lent.az (az.). 13 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2024.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sevda İsmayıllı. "«Qars müqaviləsi» belə imzalandı və ya Beriyanın güllələdiyi adam" (az.). azadliq.org. 2014-10-13. İstifadə tarixi: 2014-10-20.
- Nəzakət Məmmədova. "Yerevan niyə Qars müqaviləsini həzm edə bilmir?" (az.). kaspi.az. Archived from the original on 2008-04-01. İstifadə tarixi: 2014-10-20.
- Qars müqaviləsi və Tağı bəy Şəfiyev - I Film
- Musa Qasımlı. Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (aprel 1920-ci il-dekabr 1922-ci il). Bakı: Mütərcim, 1998, 7,5 ç.v.
- Musa Qasımlı. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix-olduğu kimi (1920–1994-cü illər). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2016. – 520 səh.
- Sülh müqavilələri
- Türk tarixi
- 13 oktyabrdakı hadisələr
- 1921-ci ildəki hadisələr
- Türkiyənin müqavilələri
- Azərbaycan Sovet Sosialist Respublikasının müqavilələri
- 1921-ci ildə Türkiyə
- 1921-ci ildə Rusiya
- 1921-ci ildə Azərbaycan
- Azərbaycan tarixi
- Türkiyə tarixi
- 1921-ci ildə Gürcüstan
- SSRİ–Türkiyə münasibətləri
- 1921-ci ilin beynəlxalq müqavilələri