Perdyu Universiteti
Perdyu Universiteti | |
---|---|
Purdue University | |
40°25′30″ şm. e. 86°55′23″ q. u.HGYO | |
Əsası qoyulub | 6 may 1869 |
Tip | Dövlət |
Tələbə sayı | 38,770 (2014)[1] |
Şəhər | Vest-Lafayett şəhəri |
Ölkə | |
Sayt | purdue.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Perdyu Universiteti (ing. Purdue University) — ABŞ-nin İndiana ştatının Vest-Lafayett şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1862-ci il iyulun 2-də ABŞ prezidenti Avraam Linkoln Morill qanununu imzalayır. Həmin qanuna əsasən ABŞ-nin hər bir ştatında kənd təsərrüfatı, mexanika və hərbi hazırlıq ixtisasları üzrə mütəxəssis hazırlayan dövlət universitetlərinin yaradılması üçün torpaq sahələri ayrılır.
1865-ci ildə İndiana ştatının Baş Assambleyası Morill qanunundan istifadə edərək maşınqayırma sahəsi üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi yaratmağı planlaşdırır. İş adamı və xeyriyyəçi Con Perdyu İndiana ştatında kollec yaradılması üçün 150000 ABŞ dolları, eləcə də Tippekano ərazisində 100 akr torpaq sahəsi bağışlayır. 1869-cu il mayın 6-da Vest-Lafayett şəhəri yaxınlığında yeni ali təhsil müəssisəsi yaradılır və himayəçisinin şərəfinə Perdyu Universiteti adlandırılır.
1872-ci ildə Riçard Ouen universitetin ilk prezidenti təyin olunur. Ali məktəbdə ilk dərslər 1874-cü il sentyabrın 16-da 6 müəllim və 39 tələbə ilə başlayır. 1875-ci ildə universitet kimya sahəsi üzrə ilk bakalavr səviyyəsini verir.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Perdyu Universitetinin kampusu Vest-Lafayett şəhərində Uebeş çayının qərb sahilində yerləşir və ümumilikdə 9336 km² (2474 akr) ərazini əhatə edir. Universitetin akademik binaları əsasən kampusun şərq və cənub, yataqxanalar qərb, idman kompleksləri isə şimal hissələrində cəmləşib. Kampus daxilində tələbə və müəllimlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Həmçinin Perdyu Universiteti əlavə olaraq kənd təsərrüfatı və sənaye tədqiqatları aparılan 60084 km² (15108 akr) əraziyə malikdir.
Perdyu Moll Perdyu Universitetinin mərkəzi həyətidir. Burada bir neçə mühəndislik müəssisəsi yerləşdiyindən Perdyu Mollu Mühəndislik Moll da adlandırırlar. Perdyu Moll ərazisində 12 metr hündürlüyündə Mühəndislik fontanı, prezidentin ofisinin olduğu Frederik Hovd binası, universitetin simvolu olan Perdyu Zəng Qülləsi yerləşir. Perdyu Mollun cənub-qərbində dünyada ən böyük ön teatr səhnələrindən birinə malik olan Edvard Elliot Musiqi binası mövcuddur. Universitetin Tələbə Konsert Komitəsinin dəvəti ilə bu səhnədə bir çox məşhur sənətçilər çıxış edir. Eyni zamanda Perdyu Moll yaxınlığında 1903-cü ildə dəmiryolu qəzasında həlak olmuş universitetin 17 futbolçu, məşqçi, məzun və azarkeşlərinin şərəfinə 1909-cu ildə inşa edilmiş Feliks Haas Holl binası yerləşir.
Universitetin Memorial Moll hissəsi Perdyu Molldan cənubdadır və bura kampusun orijinal hissəsi hesab olunur. Memorial Mollun otla örtülmüş ərazisi tələbələrin sevimli görüş yeridir. Burada Stüart Tələbə, Stenli Kolter, Mühazirə mərkəzləri, Deklamasiya, Universitet binaları yerləşir.
Perdyu Universitetinin ilk 6 binasından bu günümüzədək qalan 1871-ci ildə tikilmiş Universitet Holldur. Con Perdyu öz istəyi ilə Memorial Moll ərazisində, Universitet Holl binasının əsas girişinin qarşısında dəfn olunub.
Steyt Strit ərazisindən cənubda Perdyu Kənd Təsərrüfatı və Baytarlıq məktəblərinin binaları yerləşir. Bu ərazidə Bağçılıq bağları, Diskaveri parkı, Perdyu aeroportu mövcuddur. Kampusun qərb hissəsində tələbə yataqxanaları və istirahət mərkəzləri cəmlənib. 1957-ci ildə tikilmiş Perdyu İdman Mərkəzi də kampusun bu hissəsindədir. Kampusun şimalında Ross-Ade stadionu, Makkey basketbol arenası, Sleyter İfaçılıq Sənəti Mərkəzi yerləşir.
Kollec və məktəblər
[redaktə | mənbəni redaktə et]Perdyu Universitetinin nəzdində aşağıdakı kollec və məktəblər fəaliyyət göstərir:
- Kənd Təsərrüfatı Kolleci bu sahə üzrə ölkənin ən inkişaf etmiş kolleclərindən biridir. Kollecdə Kənd təsərrüfatı və bioloji mühəndislik, Kənd təsərrüfatı iqtisadiyyatı, Aqronomluq, Heyvandarlıq elmləri, Biokimya, Botanika və bitki patalogiyası, Entomologiya, Qida elmləri, Meşə və təbiət resursları, Bağçılıq və landşaft memarlığı, Gəncliyin inkişafı və aqrar təhsil akademik departamentləri, Kənd təsərrüfatı tədqiqatları proqramları, Kənd təsərrüfatı üzrə beynəlxalq proqramlar, İdarəetmə, Genişləndirmə inzibati departamentləri, Kənd təsərrüfatı əlaqələri, Kənd təsərrüfatı və informasiya texnologiyaları birləşmiş departamentləri, Təbiət resursları və ekologiya, Həyat elmləri fənlərarası departamentləri mövcuddur.
- Pedaqogika Kolleci ibtidai, orta umumtəhsil məktəbləri üçün müəllim, tədris-təlim liderləri, administratorlar, məktəb vəkilləri, psixoloqları, tədris proqramları üzrə mütəxəssislər, pedaqoq və təhsil tədqiqatçıları hazırlığı üzrə ölkənin qabaqcıl təhsil müəssisələrindən biridir. Kollecdə Akerman Demokratik Vətəndaşlıq, Təhsil və Savadlılıq, Perdyu Məsləhət və Yardım, Virtual Mühitin Öyrənilməsi, Texnika və Texnologiya Resursları, Qiymətləndirmə Tədqiqat mərkəzləri, Qabiliyyətli Uşaqların Təhsili İnstitutu, Psixometrik Tədris Laboratoriyası fəaliyyət göstərir.
- Mühəndislik Kollecinə Aeronavtika və Astronavtika, Kənd Təsərrüfatı və Bioloji Mühəndislik (Kənd təsərrüfatı mühəndisliyi, Maşın sistemləri mühəndisliyi, Bioloji mühəndislik departamentləri), Uildon Biotibbi Mühəndislik, Kimya Mühəndisliyi, Vətəndaş Mühəndisliyi, Tikinti və İdarəetmə Mühəndisliyi, Elektrik və Kompüter Mühəndisliyi, Mühəndislik Təhsili, Sənaye Mühəndisliyi, Materialşünaslıq, Maşınqayırma, Nüvə İşlənməsi məktəbləri aiddir.
- Səhiyyə və Sosial Elmlər Kolleci universitetin ən yeni kolleclərindən biridir və 2010-cu il iyulun 1-dən fəaliyyətə başlayıb. Kollecə İstehlakçı elmləri və pərakəndə satış, Sağlamlıq və kineziologiya, Tibb elmləri, Qonaqpərvərlik və turizm idarəetməsi, İnsan inkişafı və ailə tədqiqatları, Tibb bacısı, Qida elmləri, Psixologiya, Nitq, dil və eşitmə elmləri departamentləri daxildir.
- Humanitar Elmlər Kollecinə Antropologiya, Kommunikasiya, İngilis dili, Xarici dillər və ədəbiyyatlar, Tarix, Fəlsəfə, Politologiya, Sosiologiya departamentləri, Petti və Rasti Rueff Vizual və Təsviri İncəsənət Məktəbi daxildir. Humanitar elmlər universitet yarandığı vaxtdan tədris edilsə də, Humanitar Elmlər Məktəbi universitetdə 1963-cü ildə fəaliyyətə başlayıb. Məktəb 2005-ci ildən Humanitar Elmlər Kolleci adlandırılıb.
- Dəqiq Elmlər Kollecində Biologiya, Kimya, İnformatika, Yer və atmosfer elmləri, Riyaziyyat, Fizika, Statistika departamentləri mövcuddur. Perdyu Universitetində ilk dövrlərdən dəqiq elmlər tədris edilsə də, Dəqiq Elmlər Məktəbi 1907-ci ildə yaradılıb, 2004-cü ildə isə Dəqiq Elmlər Kolleci adlandırılıb.
- Əczaçılıq Kolleci 1884-cü ildə yaradılıb və 1970-ci ildə istifadəyə verilmiş Robrt Heyne Əczaçılıq binasında fəaliyyət göstərir. Kollec 3 akademik (Sənaye və fiziki əczaçılıq, Tibbi kimya və molekulyar əczaçılıq, Əczaçılıq təcrübəsi) və 6 inzibati departamentdən ibarətdir.
- Texnologiya Kolleci ABŞ-nin ən böyük texnologiya məktəblərindən biridir və ölkə reytinqinə görə daim ilk yerləri tutur. 1964-cü ildə Texnologiya Məktəbi adı altında yaradılan təhsil müəssisəsi 2005-ci ildən Texnologiya Kolleci adlandırılır. Kollecə Aviasiya texnologiyası, Bina tikintisinin idarə olunması, Kompüter qrafikası texnologiyası, Kompüter və informasiya texnologiyaları, Elektrik və kompüter mühəndisliyi texnologiyası, Maşınqayırma texnologiyası, Liderlik texnologiyası və innovasiya departamentləri daxildir.
- Tibb Məktəbi Anatomiya və hüceyrə biologiyası, Anesteziya, Biokimya və molekulyar biologiya, Biostatistika, Hüceyrə və inteqrativ fiziologiya, Dermatologiya, Təcili tibbi yardım, Ailə tibbi, Tibbi və molekulyar genetika, Tibb, Mikrobiologiya və immunologiya, Nevroloji cərrahiyyə, Nevrologiya, Mamalıq və ginekologiya, Oftalmologiya, Ortopedik cərrahiyyə, Otolarinqologiya - baş və boyun cərrahiyyəsi, Patalogiya və laborator tibb, Pediatriya, Farmakologiya və toksikologiya, Fiziki tibb və reabilitasiya, Psixiatriya, Səhiyyə, Radiasiya onkologiyası, Radiologiya və əks etdirmə elmləri, Cərrahiyyə, Urologiya departamentlərindən ibarətdir.
- Baytarlıq Məktəbində Əsas tibbi elmlər, Müqayisəli patobiologiya, Veterinar kliniki elmlər departamentləri fəaliyyət göstərir. Məktəb 1877-ci ildə Kənd Təsərrüfatı Kollecinin departamenti kimi yaradılıb, 1974-cü ildən isə Baytarlıq Məktəbi kimi fəaliyyətə başlayıb.
- Krannet İdarəetmə Məktəbi Mühasibat, Maliyyə, İdarəetmə informasiya sistemləri, Marketinq, Əməliyyatların idarə edilməsi, Təşkilatı davranış və insan resurslarının idarə olunması, Miqdar metodları, İdarəetmə elmi, Strateji idarəetmə bölmələrindən ibarətdir.
- Ali Məktəbdə isə universitetin nəzdindəki kollec və məktəblərdə təklif edilən proqramlar üzrə magistr və doktorluq proqramları tədris olunur.
Aerokosmik fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Perdyu Universiteti ABŞ-də aerokosmik ixtisas təklif edən, sonradan isə aeroport açan ilk universitetdir. Eyni zamanda bu universitet dünyada aviasiya sahəsi üzrə 4 illik bakalavr təhsili verən ilk ali məktəbdir. 1908-ci ildə Perdyu Universitetinin aerokosmik ixtisası üzrə ilk məzunu Klifford Terpin təyyarəçi işləməyə başlayır. Məşhur təyyarəçi Ameliya Erxart 1935-ci ildə Perdyu Universitetinə işləməyə gəlir və 1937-ci ildə itkin düşənədək bu ali məktəbdə çalışır. Hazırda universitetin kitabxanasında Erxart haqqında geniş kolleksiya mövcuddur və bu gün də onun yoxa çıxmasının sirlərini açıqlamağa çalışan tədqiqatçılar var. Həmçinin universitetdə Erxartın adını daşıyan yataqxana fəaliyyət göstərir.
Son zamanlar da Perdyu Universiteti aviasiya sahəsi üzrə mütəxəssislər hazırlayan ən güclü ali məktəblərdən birinə çevrilib. Universitetin məzunları kosmik-aviasiya texnologiyaları üzrə ən müasir tədqiqatlar, araşdırmalar aparır, kosmik fəzanın mənimsənilməsində yüksək nəticələr əldə edir, ölkənin ən nəhəng hökumət müəssisələri və korporasiyalarında rəhbər vəzifələri tuturlar.
Kontingent
[redaktə | mənbəni redaktə et]Perdyu Universitetinin 11-ci prezidenti Frans Enn Kordova, rektoru isə Timoti Sendsdir. Universitetdə 7000 nəfərə yaxın müəllim çalışır. 2010-cu tədris ilində Perdyu Universitetinin tələbələrinin sayı təxminən 40000-ə qədər olub. Onların 31145 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edib. Universitetdə təhsil alan gənclərin əksəriyyətini (39000-dən çox) İndiana ştatı sakinləri təşkil edir. Əcnəbi tələbələr əsasən magistratura və doktorantura səviyyələrində təhsil alırlar (78%).
Büdcəsi
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Perdyu Universitetinin illik gəlirləri 1263377000 ABŞ dolları olub. Bu məbləğin 615423000-ni təhsil haqqı və digər yığımlardan, 339392000-ni qrant və sazişlərdən, 64509000-ni satış və xidmətlərdən, 220023000-ni köməkçi müəssisələrdən əldə olunan vəsaitlər, qalanını isə digər gəlirlər təşkil edib.
Ötən tədris ilində universitetin xərcləri 1738640000 ABŞ dolları olub. Həmin vəsaitin 1172492000-ni kompensasiya və güzəştlər, 388288000-ni təchizat və xidmətlər, 112629000-ni qiymətdən düşmə və amortizasiya, 65231000-ni tələbələrə verilən təqaüd, qalanını isə digər məsrəflər təşkil edib.
Təhsil haqqı
[redaktə | mənbəni redaktə et]Perdyu Universitetində illik təhsil haqqı İndiana ştatından olan tələbələr üçün 18988, digər ştatlardan olanlar üçün 37156, əcnəbi tələbələr üçün isə 38156 ABŞ dolları civarında müəyyən edilib.
Perdyu Universitetində 1 il təhsil almaq üçün İndiana ştatından olan tələbəyə təhsil haqqı daxil olmaqla ümumilikdə 22748, digər ştatlardan olanlar üçün 41126, əcnəbilər üçün isə 42126 ABŞ dolları lazımdır. Bu məbləğə tələbələrin yataqxana, qida, nəqliyyat, dərs ləvazimatları və digər xərcləri daxildir.
Yataqxanaları
[redaktə | mənbəni redaktə et]Perdyu Universitetində ümumilikdə 15 yataqxana, eləcə də Keri Dördbucağı, Erxart Holl, Harrison Holl, Hokins Holl, Hillenbrand Holl, Hiltop, Makkatçen, Meredit, Ouen, Şriv, Tarkinqton, Uili, Vindzor yataqxana kompleksləri, Perdyu tələbə kəndi mövcuddur. Keri və Tarkinqton yataqxana kompleksləri yalnız oğlan, Vindzor qız, qalan yataqxanalar isə bütün tələbələr üçün nəzərdə tutulub. 2009-cu ildə istifadəyə verilmiş First Street Tauers yataqxana kompleksi yuxarı kurs tələbələri üçündür. Eyni zamanda universitetdə əlavə 5 oğlan (Serkl Payns, Feyrvey, Marvud, Çonsi, Cimini) və 7 qız (Enn Tuideyl, Qlenvud, Tvin Payns, Maklur, Styuart, Devonşir, Şumeyker) yataqxanaları fəaliyyət göstərir. Yataqxanada otaqların illik qiyməti 6936-15686 ABŞ dolları arasında dəyişir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinqinə əsasən, Perdyu Universiteti 100 ən yaxşı ali məktəb arasında 87-ci yerə layiq görülmüşdür.
Perdyu Universiteti 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 106-cı, "QS World University Rankings"in açıqlamasına görə isə 87-ci yerdə qərarlaşmışdır.
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Kirk Fordis – Missisipi ştatının sabiq qubernatoru;
- Harri Lesli – İndiana ştatının sabiq qubernatoru;
- Cefri Leker – Riçmond Federal Ehtiyat bankının prezidenti;
- Ceyn Beyker – Kaliforniya ştatı San-Mateo şəhərinin ilk qadın meri;
- Maurisio Fernandes Qarza – San-Pedro-Qarza Qarsia şəhərinin meri;
- Çarlz Konner – ABŞ kənd təsərrüfatı nazirinin sabiq müavini;
- Vernon Smit – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Robert Altenkirç – Nyu-Cersi Texnologiya İnstitutunun prezidenti;
- Toni Frenk – Kolorado Ştat Universitetinin vitse-prezidenti;
- Artur Hansen – Corciya Texnologiya İnstitutunun sabiq prezidenti;
- Kennet Şo – Sirakuz Universitetinin kansleri;
- Hyuqo Sonnensçeyn – Çikaqo Universitetinin prezidenti;
- Selli Meyson – Ayova Ştat Universitetinin prezidenti;
- Nil Armstronq – Aya qədəm qoymuş ilk astronavt.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva, Dünya universitetləri: Perdyu Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 12.08.2011, № 31. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Purdue University Student Enrollment Fall 2014". Purdue University. December 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: Dec 1, 2014.
- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- purdue.edu — Rəsmi saytı