Hindistanda təhsil
Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
Müasir təhsil sistemi
[redaktə | mənbəni redaktə et]Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb.
2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub.
2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Ölkədə məktəbəqədər təhsil sistemi geniş inkişaf etmədiyindən uşaqların məktəbə hazırlığında müəyyən çatışmazlıqlar özünü büruzə verir. Hindistan Konstitusiyasına əsasən 14 yaşına qədər uşaqlara icbari təhsil almaq hüququ verilir. İbtidai və orta təhsil pilləsində 6-18 yaş arasındakı uşaqlar təhsil alır. 8 il davam edən ibtidai təhsilə 6-14 yaşlı uşaqlar cəlb olunur.
Bəzi ştatların qanunvericiliyinə əsasən məktəb təhsili, yaşlıların təhsili və qeyri-formal təhsil üzrə müvafiq vəzifələr yerli idarəetmə qurumlarına (pançayatlar və bələdiyyələr) həvalə edilib. İbtidai təhsil pilləsində ana dilinin tədrisi üzrə müvafiq şəraitin yaradılması ştat hökuməti və yerli idarəetmə orqanlarının əsas vəzifələrindəndir. Evdə təhsil Hindistanda qanuni təhsil formalarından biridir.
Hindistanda 367 texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər fəaliyyət göstərir. Bu ölkədə bütün ixtisaslar üzrə mütəxəssis hazırlayan 18000-dən artıq kollec var ki, onların da 1902-si yalnız qadınların təhsil aldığı tədris müəssisəsidir.
Ölkədə ali təhsil müddəti ixtisaslardan asılı olaraq 3-6 il arasında dəyişir. Bir çox ixtisaslar üzrə ali təhsilin bakalavriat pilləsi 3, magistratura pilləsi isə 2 il davam edir.
Hindistanda yaşlıların təhsili müxtəlif proqramlar və qrantlar çərçivəsində həyata keçirilir. Bu baxımdan savadsızlığın ləğvi üzrə milli strategiya əsas rol oynayır. Yaşlıların təhsili sahəsində QHT-lər də fəal iştirak edir, hər kəsə həyatboyu təlim imkanının yaradılması istiqamətində ciddi səylər göstərilir. Əhalinin aztəminatlı təbəqələri üçün nəzərdə tutulmuş peşə təlimi proqramları və qadınların savadlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.
Ölkə konstitusiyasına əsasən milli azlıqların təhsili vətəndaşların bərabərliyi prinsipinə uyğun olaraq təşkil edilir. Hökumət etnik azlıqların təhsil imkanlarının artırılmasına xüsusi diqqət yetirir. Bu baxımdan həyata keçirilən tədbirləri müəyyənləşdirən Milli Azlıqların Təhsili üzrə Milli Monitorinq Komitəsi 2004-cü ildə təsis edilib. Bu quruma insan resurslarının inkişafı naziri sədrlik edir. Komitənin tərkibi etnik azlıqların nümayəndələrini təmsil edən tanınmış təhsil işçiləri, alimlər, parlament üzvləri və dövlət rəsmilərindən ibarətdir.
Hindistanın İnsan Resurslarının İnkişafı Nazirliyi təhsilin idarə olunmasını yerinə yetirən əsas dövlət qurumudur. Bu nazirlik iki şöbədən ibarətdir. Məktəb təhsili və savadlılığı şöbəsi və Ali təhsil şöbəsi. Məktəb təhsili və savadlılıq şöbəsi ibtidai, orta təhsil və yaşlıların təhsilinə məsuldur. Ali təhsil şöbəsi isə ali təhsilə, ali texniki peşə təhsilinə, milli azlıqların təhsilinə, dərslik və müəllif hüquqları məsələlərinə cavabdehdir.
Mərkəzi hökumət 9,77 milyard ABŞ dolları həcmində olan ümumi təhsil büdcəsinin 65,6 faizini ibtidai təhsilə (6,41 milyard ABŞ dolları), 9,9 faizini orta təhsilə (964,48 milyon ABŞ dolları), 2,9 faizini yaşlıların təhsilinə (278,75 milyon ABŞ dolları), 9,5 faizini ali təhsilə (931,36 milyon ABŞ dolları), 10,7 faizini ali texniki peşə təhsilinə (1,05 milyard ABŞ dolları), yerdə qalan 1,4 faizini (139,04 milyon ABŞ dolları) isə digər məqsədlər üçün ayırır.
Məktəbəqədər təhsil
[redaktə | mənbəni redaktə et]Hindistanda 493000-dən çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan tədris ocaqlarına cəlb edilmiş uşaqların sayı təxminən 27 milyon nəfərə yaxındır. Onların 12 milyon nəfərindən çoxunu qızlar təşkil edir.
Hindistanın Təhsil üzrə Milli Strategiyasında məktəbəqədər təhsilin vacibliyinə xüsusi diqqət yetirilir. Məktəbəqədər təhsil müəssisələri Qadın və Uşaqların İnkişafı Nazirliyinin tabeliyindədir.
Sarva Şikşa Abhiyan Proqramı çərçivəsində də məktəbəqədər təhsil müəssisələri qismən maliyyələşir. Hindistanda müvafiq yaş qrupundakı uşaqların çox az hissəsi məktəbəqədər müəssisələrə cəlb olunub.
Ölkənin məktəbəqədər təhsil müəssisələrində təhsil aşağı və yuxarı mərhələ olmaqla, iki pillədən ibarətdir. Aşağı pillə 3-4, yuxarı pillə isə 5-6 yaşlı uşaqları əhatə edir.
Məktəbəqədər təhsil müəssisələri bir çox hallarda məktəblərin tərkibində yerləşir. Belə məktəbəqədər təhsil müəssisələrində nisbətən erkən yaşlı uşaqlar da (2 yaşlı) bağçaların bir hissəsi olan xüsusi qayğı qruplarında təhsil alırlar. İqtisadi cəhətdən daha çox kasıb olan bölgələrdə isə uşaqlar daha tez körpələr evinə verilir. Ancaq belə müəssisələrin sayı olduqca məhduddur.
İbtidai təhsil
[redaktə | mənbəni redaktə et]Hindistanda ibtidai təhsil pilləsinə uşaqların qəbulu 6 yaşdan başlayır. 8 illik pulsuz ibtidai təhsil icbaridir.
İbtidai təhsil pilləsi iki dövrə bölünür:
- ibtidai pillə — I-V sinifləri (6-11 yaşlı uşaqları) əhatə edir. Bəzi ştatlarda bu pilləyə I-IV siniflər daxildir.
- yuxarı ibtidai pillə — VI-VIII sinifləri (11-14 yaşlı uşaqları) əhatə edir. Bəzi ştatlarda bu pillə VII sinifdə başa çatır.
Hökumət 2001-ci ildən ibtidai təhsilin kütləviliyinin artırılması və keyfiyyətin yüksəldilməsi üçün müxtəlif proqramların həyata keçirilməsini təmin edir. Bununla da müəllim-şagird nisbətinin tənzimlənməsi, müəllimlərin ixtisasartırma təhsilinə cəlb edilməsinin intensivləşdirilməsi, yeni tədris materiallarının və dərsliklərin hazırlanması məsələlərinin həllində ciddi irəliləyiş müşahidə olunur. Hökumətin səylərinə baxmayaraq, hələ də qarşıya qoyulmuş vəzifələr tam olaraq həllini tapmayıb. Bu da yoxsulluq, təhsil alanlara qarşı əhalinin müəyyən təbəqəsində formalaşmış qınayıcı təsəvvürlərin olması, mövhumat və digər səbəblərlə bağlıdır. İlbəil qadınların savadlılıq səviyyəsinin yüksəlməsinə baxmayaraq, qızların yalnız bir qisminin təhsil alması qadın və kişilər arasındakı savadlılıq fərqinin böyük olmasına, ibtidai təhsilin kütləviləşməsinə maneə yaradan ən böyük problemlərdən biridir.
Statistikaya görə, Hindistanda bütün ibtidai təhsil müəssisələrinin təxminən 80 faizini dövlət məktəbləri təşkil edir. Lakin dövlət təhsil müəssisələrində təhsilin keyfiyyəti aşağı olduğu üçün uşaqların 27 faizi özəl məktəblərdə oxuyur. Hətta ən kasıb ailələrdən olan uşaqlar da dövlət məktəblərində təhsilin pulsuz olmasına baxmayaraq, bəzən özəl məktəblərdə oxumağa üstünlük verirlər.
Orta təhsil
[redaktə | mənbəni redaktə et]Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür:
- orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir.
- yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir.
Ali təhsil
[redaktə | mənbəni redaktə et]Hindistanda texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər olmaqla ümumilikdə 367 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir.
Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir.
Beynəlxalq əməkdaşlıq
[redaktə | mənbəni redaktə et]Hindistan təhsil sahəsində xarici ölkələrlə əməkdaşlığın inkişafına xüsusi önəm verir. 118 ölkə ilə təhsil sahəsində əməkdaşlığı tənzimləyən Mədəni Müqavilə imzalanıb. Eləcə də müxtəlif ölkələrlə 75 Mədəni Mübadilə Proqramı həyata keçirilir.
Təhsil sektorunun inkişafını və təhsilin beynəlmiləlləşməsini nəzərə alaraq İnsan Resurslarının İnkişafı Nazirliyində Beynəlxalq Əməkdaşlıq Şəbəkəsi yaradılıb. Beynəlxalq Əməkdaşlıq Şəbəkəsi təhsil sektorunda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini, müxtəlif ölkələrlə Təhsil Mübadilə Proqramlarının hazırlanmasını, icrasını koordinasiya edir.
Bundan əlavə, Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində Dehli şəhərində dünya səviyyəli beynəlxalq ali təhsil müəssisəsi olan Cənubi Asiya Universiteti təsis edilib. Hindistan ilə Avropa İttifaqı arasında 2008-ci və 2009-cu illərdə müştərək deklarasiyalar imzalanıb. YUNESKO ilə əməkdaşlıq üzrə Hindistan Milli Komissiyası səmərəli fəaliyyət göstərir.
Hindistan 32 ölkə ilə Təhsil Mübadilə Proqramları həyata keçirir. Bu proqramlar nəinki xaricdə təhsil məsələlərini, eləcə də xarici universitetlərin verdiyi dərəcələrin və ixtisasların tanınmasını əhatə edir.
"HBSC" tədqiqat qrupunun "Təhsil haqqı: uğurun əsası" adlı hesabatına əsasən, Hindistanda təhsil alan əcnəbi tələbələrin xərcləri ildə 6 min ABŞ dolları təşkil edir.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Hindistan Federativ Respublikasının təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Hindistan Federativ Respublikası İnsan Resurslarının İnkişafı Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Oruc Mustafayev, Beynəlxalq təhsil xəbərləri: Ən keyfiyyətli təhsil verən ölkələr[ölü keçid], "Azərbaycan müəllimi" qəzeti, 19.09.2014, № 36. (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- India Education Data Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine
- Education in India, webdossier by Education Worldwide, a portal of the German Education Server