Bertran Rassel
Bertran Rassel | |
---|---|
ing. Bertrand Arthur William Russell | |
Doğum adı | Bertrand Arthur William Russell |
Doğum tarixi | 18 may 1872[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1970[3][1][…] (97 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qrip[5] |
Təhsili | |
Fəaliyyəti | riyaziyyatçı, ictimai tənqidçi, esseist, məntiqşünas, epistemoloq, siyasi fəal[d], avtobioqraf[d], universitet müəllimi[d], fantastika yazıçısı[d], elm filosofu, siyasətçi, sülh aktivisti, jurnalist, filosof, yazıçı |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | analitik fəlsəfə, azad düşüncə, Avropa fəlsəfəsi |
Üzvlüyü |
|
Bertran Rassel Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bertran Artur Vilyam Rassel (ing. Bertrand Arthur William Russell, 3rd Earl Russell; 18 may 1872[1][2][…], Treleç[d][4] – 2 fevral 1970[3][1][…], Penhindedra[d], Quinet[d][4]) — ingilis riyaziyyatçı[6], filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950).
Həyatı
[redaktə | mənbəni redaktə et]İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular.
Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi. Yeniyetməlik və ilk gənclik illərində Bertran Rassel tənhalıqdan əziyyət çəkmiş, hətta bu səbəbdən bir neçə dəfə intihar fikrinə düşmüşdü. Etirafına görə yalnız riyaziyyata marağı və üzərində işlədiyi riyazi məsələlərin həllini sona çatdırmaq istəyi onu bu qaramsar niyyətindən çəkindirmişdi.
Britaniya səfirliyinin fəxri attaşesi kimi 1895-ci ildən Parisdə yaşayan Rassel iqtisadiyyatla bağlı tədqiqatlar aparmaq məqsədilə bir müddət Almaniya və ABŞ-də da olmuşdu. "Alman sosial demokratiyası" (1896) və "Leybnis fəlsəfəsinin tənqidi şərhi" (1900) kitablarının yazılmasında bu səfərlər mühüm rol oynamışdı. 1910–1913-cü illərdə Bertran Rassel Triniti-kollecin professoru N. Uaythedlə birlikdə "Riyaziyyatın əsasları" adlı 3 cildlik fundamental tədqiqat çap etdirmişdi. Bu dövrdə alim həm də ictimai-siyasi fəaliyyətlə məşğul olurdu. O, İngiltərədə sosializm ideyalarını yayan Fabian cəmiyyətinin üzvü idi. Qadınlara seçki hüququ verilməsi ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi. Parlament seçkilərinə qatılsa da, dini baxışlarına görə lazımi miqdarda səs toplaya bilməmişdi.
İngiltərənin Birinci Dünya müharibəsində iştirakı Rasselin sərt tənqidi ilə qarşılanmışdı. O, "Sosial yenidənqurmanın prinsipləri" (1916), "Müharibə və ədalət (1916)", "Siyasi ideallar" (1917), "Azadlığa aparan yollar: Sosializm. Anarxizm. Sindikalizm" (1918) kitablarında dəyişməkdə olan dünyanın mənzərəsini yaratmağa çalışmışdı. Müharibə əleyhdarı Bertran Rassel orduda xidmətdən boyun qaçırdığına görə böyük məbləğdə cərimə ödəməli, hətta bir müddət həbsxanada yatmalı olmuşdu. ABŞ-nin müharibədə iştirakına kəskin tənqidi reaksiyası nəticəsində 1918-ci ildə o ikinci dəfə həbsxanaya salınmışdı.
1920-ci ildə Bertran Rassel beş həftə SSRİ-də olmuş, Lenin, Trotski və Maksim Qorki ilə görüşmüşdü. Sosialist ideyalarına müəyyən rəğbətlə yanaşsa da, "Bolşevizmin nəzəriyyəsi və təcrübəsi" (1920) kitabında sovet rejimini ciddi tənqid etmişdi. 1920–1921-ci illərdə Rassel Asiya ölkələrinə uzunmüddətli səyahətə çıxmış, bir müddət Pekin universitetində mühazirələr oxumuşdu.
Bertran Rassel təhsil problemlərinə mühüm diqqət yetirmişdi. Hətta bir ara pedaqogika ilə sıx maraqlanmış və özünün təcrübə məktəbini təşkil etmişdi. "Təhsil haqqında" (1926), "Təhsil və təmiz həyat" (1926), "Təhsil və ictimai quruluş" (1932) əsərlərində filosof-alimin müasir təhsillə bağlı fikirləri əks olunmuşdur. ikinci Dünya müharibəsi başlayanda Bertran Rassel pasifist baxışlarından imtina etmişdi. Xüsusən faşist Almaniyasının Polşaya hücumundan sonra İngiltərənin hərbi əməliyyatlara mümkün qədər tez qoşulmasının qızğın tərəfdarlarından biri kimi tanınmışdı. Müharibə illərində əsasən ABŞ-də yaşamışdı. Çikaqo və Kaliforniya universitetlərində mühazirələr oxumuş, Siti-Kollecin və Harvardın fəlsəfə professoru olmuşdu. ABŞ-dəki oxuduğu mühazirələri əsasında 1945-ci ildə "Qərb fəlsəfəsinin tarixi" monoqrafiyasını çap etdirmişdi.
Müharibədən sonra yenidən Londona, Triniti-kollecə qayıdan Rassel "Fəlsəfə və siyasət" (1947), "İnsan biliyi: hüdudlar və sərhədlər" (1948), "Hakimiyyət və şəxsiyyət" (1949), "Dünyanın dəyişməsinə yeni ümidlər" (1950) kitablarını çap etdirmişdi. Böyük Britaniya kraliçasının əmri ilə 1932-ci ildə qardaşı Frankın ölümündən sonra o, Rassel ailəsinin sayca üçüncü qrafı titulunu almış, 1949-cu ildə isə ölkənin ali mükafatı olan "Xidmətlərə görə" ordeni ilə təltif edilmişdi. 1950-ci ildə İsveç Akademiyası daha əvvəllər ədəbiyyat üzrə Nobel mükafatı almış filosoflar Rudolf Eyken (1908) və Anri Berqsonun (1927) ardınca filosof və riyaziyyatçı Bertran Rasseli də bu yüksək mükafata layiq görmüşdü. İsveç Akademiyasının üzvü Anders Esterlinq yeni laureatı "rasionalizm və humanizmin ən parlaq nümayəndələrindən biri, Qərbdə fikir və söz azadlığının qorxmaz mübarizi" kimi səciyyələndirmişdi. Bertran Rassel Nobel mühazirəsi oxumamışdı. Nobel laureatı Rasselin yazdığı mühüm əsərlər sırasına "Elmin cəmiyyətə təsiri" (1952), "Yaddaş portretləri" (1956), "Bəşəriyyətin gələcəyi varmı?" (1961), "Fakt və uydurma" (1962) və digər çoxsaylı kitabları, habelə üç cildlik "Avtobioqrafiya"sı (1967–1969) daxildir.
Bir çox tədqiqatçılar Rasseli müasir dövrün ən böyük filosofu, eyni zamanda ən ziddiyyətli şəxsiyyəti kimi xarakterizə edirlər. İngilis tədqiqatçısı Maykl Holroydun fikrincə, Rassel "əsrimizin ən qeyri-adi hadisələrindən biridir və həyat yolu başdan-başa heyrətamiz paradokslardan toxunmuşdur". Onu Volterə bənzədənlər də yox deyildir.
Nəhayət, Rasselin ən uzun ömür sürən (97 il) və ən çox evlənən (5 dəfə) Nobel laureatı olması da onun özünəməxsus rekordları kimi qeyd edilə bilər.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Riyaziyyatın prinsipləri (The Mathematica Prinsipa)
- Qərb fəlsəfəsi tarixi (1945)
- Niyə mən xristian deyiləm?
- Azadlıq yolu
- Elmin cəmiyyət üstündə təsiri
- Politika idealları
- Evlilik və əxlaq
- Oynaqlığa tərif
- İqtidar
- Bilik üstünə
- İnsanlığın sabahı
- Din və elm
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Рассел Бертран // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- ↑ The Guardian (ing.). United Kingdom: GMG, 1970. ed. size: 107899 ISSN 0261-3077
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı: "Şərq-Qərb", 2008, səh.611
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 18 mayda doğulanlar
- 1872-ci ildə doğulanlar
- Uelsdə doğulanlar
- 2 fevralda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- 97 yaşında vəfat edənlər
- Uelsdə vəfat edənlər
- Kembric Universitetinin məzunları
- Triniti Kollecinin məzunları (Kembric)
- London Kral Cəmiyyətinin üzvləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- İngilis riyaziyyatçılar
- İngilis yazıçılar
- Uels yazıçıları
- İngilis uzunömürlülər
- Uels uzunömürlüləri
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- İngilis filosoflar
- Empiristlər
- Ontoloqlar
- İdeyalar tarixi
- Metafiziklər
- Epistemoloqlar
- Ateist filosoflar
- Qripdən ölənlər
- Azad sevginin müdafiəçiləri
- Məntiqçilər
- Hüquq filosofları