iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://azhistorymuseum.gov.az/az/fond/11
Təsviri materiallar fondu - Elmi fondlar - Milli Azərbaycan Tarixi Muzeyi
Təsviri materiallar fondu

2002-ci ildə Muzeyin ayrı-ayrı fondlarından, şöbələrdə pərakəndə olan rəsm əsərləri əsasında təşkil olunmuş “İlustrasiya və təsviri incəsənət” fondu 2009-cu ildən “Təsviri materiallar” fondu adı ilə fəaliyyətini davam etdirir. Hazırda fondda Azərbaycan rəssamları (Əzim Əzimzadə, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Tahir Salahov, Altay Hacıyev və b.) ilə yanaşı Avropa, Şərq ölkələri və Rusiyanın tanınmış rəssamlarının 1000-dən artıq əsəri mühafizə olunur. Onların içərisində kətan, taxta, karton və kağız üzərində yağlı və sulu boya ilə, həmçinin qrafika, litoqrafiya, intarsiya, inkrustasiya, mozaika və s. üsullarla işlənmiş bədii sənət əsərləri vardır.

Fondun əsasını hələ 1925-ci ildə Muzeydə təşkil olunmuş incəsənət şöbəsinin, eləcə də bir il sonra yaradılmış Şəkil qalereyasının kolleksiyasında olan əsərlərin bir qismi təşkil edir. Həmin illər muzey əməkdaşlarının apardığı toplama işi və bolşevik hökumətinin müsadirə kampaniyası nəticəsində əldə edilmiş bədii əsərlərə danışıqlar nəticəsində Moskva (Tretyakov qalereyası) və Leninqraddan (Ermitaj muzeyi) muzeyə verilmiş Qərb, Şərq və rus rəssamlarının əsərləri də əlavə olunmuşdu. 1928-ci ilin məlumatına görə muzeyin “İncəsənət” şöbəsinin qərb kolleksiyasında 715, şərq kolleksiyasında isə 879 bədii sənət əsəri toplanmışdı. 1926-27-ci illərdə muzeydə Qərb və Şərq incəsənət əsərlərindən təşkil olunmuş sərgilər açıldı. Həmin il V.M.Zummer şöbənin müdiri, muzeyin rəssamı Moris Fabri Şərq “İncəsənət” şöbəsinin müdiri və mühafizi, V.A.Obolenski Səyyar sərgilərin müdiri təyin olundular. Ötən əsrin 30-cu illərinin əvvəlində başlanan yenidənqurma işləri muzeyin Teatr və İncəsənət şöbələri əsasında müstəqil muzeylərin yaradılması haqqında muzeydaxili qərarın verilməsi ilə nəticələnir. 1935-ci ilin mayında Xalq Maarif Komissarlığının sərəncamı ilə İncəsənət muzeyi Azərbaycan Dövlət Muzeyinin nəzdində Bədii qalereyaya çevrilir. Xalq Maarif Komissarlığının 1936-cı il 31 mart tarixli qərarı ilə Azərbaycan Dövlət Muzeyinə çevrilməsi ilə İncəsənət Muzeyi müstəqil qurum kimi fəaliyyətə başlasa da o vaxtlar hələ də “Muzeylər evi” adlandırılan Tağıyev mülkündə yerləşirdi. Azərbaycan Dövlət Muzeyinin İncəsənət şöbəsinin həm rəssamlıq, həm heykəltaraşlıq, həm də digər bədii sənət əsəri nümunələri yeni yaradılmış muzeyə verildi. Azərbaycan Tarixi Muzeyində isə yalnız bilavasitə tarixə aid əsərlərin (məs. F.Rubonun “Yelizavetpolun alınması”, “Lənkəranın alınması”, Ə.Əzimzadənin bir sıra əsərləri və s.) cüzi hissəsi qaldı.

Bu gün muzeydə fəaliyyət göstərən “Təsviri materiallar” fondu həmin əsərlərlə yanaşı toplama və sifariş yolu ilə əsasən, tarixə aid bədii rəsm əsərləri, heykəllər və digər sənət incilərini əhatə edir. Bu əsərlər muzeyin daimi ekspozisiyasında və təşkil etdiyi sərgilərdə nümayiş olunur.

2012-ci ildə fondun materialları əsasında muzeydə “Azərbaycan rəssamlarının əsərləri muzey kolleksiyasında” sərgisi təşkil olunmuşdur. 2002-2019-cu ilə kimi Təsviri materiallar fondunun müdiri tarix üzrə fəlsəfə doktoru Rasim Sultanov, 2019-cu ildən fondun müdiri memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovadır.