Kamal Abdullayev (dirijor)

Vikipediya, azad ensiklopediya
(Kamal Abdullayev (drijor) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Kamal Abdullayev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Təhsili
Mükafatları

Kamal Canbaxış oğlu Abdullayev (18 yanvar 1927[1], Bakı6 dekabr 1997[1], Moskva) — Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti (1967).

Kamal Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir.[2][3]

Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır. İlk dəfə onun rəhbərliyi altında Bakıda C.Puççininin "Manon Lesko", J.Massnenin "Lakme", C.Verdinin "Siciliyada axşam ibadəti" (SSRİ-də ilk dəfə) və s. əsərləri səslənmişdir.[3]

1959-cu ildə o, Donetsk Opera və Balet Teatrına baş dirijor dəvət olunur. Burada işlədiyi müddətdə görkəmli rus bəstəkarları M.Musorqskinin "Boris Qodunov", S.Prokofyevin "Monastırda nikah" operalarını tamaşaya qoymuşdur. Onu da demək lazımdır ki, bu operanın qrammofon yazısına görə K.Abdullayev 1971-ci ildə Paris səsyazma firmasının "Böyük qızıl medalı"na layiq görülmüşdür.[3]

1962-ci ildə Kamal Abdullayev Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunur. Keçmiş Sovet İttifaqında öz yaradıcı səviyyəsinə görə üçüncü yerdə olan bu teatrda 8 il baş dirijor vəzifəsində çalışır. Teatrın repertuarında özünə möhkəm yer tutan Z.Kodayın "Xari Yanoş", A.Nikolayevin "Həyat bahasına", T.Xrennikovun "Kimsəsiz kürəkən", S.Slonimskinin "Virineya", O.Taktakişvilinin "Üç həyat" operalarını, M.Musorqskinin "Sərgidən şəkillər" baletini və s. tamaşaya qoymuşdur. 1991-ci ildə SSRİ-də ilk dəfə onun rəhbərliyi altında Moskva Konservatoriyasının Böyük zalında S.Prokofyevin "Yevgeni Onegin" tamaşasına musiqisi ifa olunmuş və 2 plastinkadan ibarət albom buraxılmışdır.[3]

Kamal Abdullayev Türkiyədə də çalışmış, Ankara Opera və Balet Teatrında ilk dəfə P.Çaykovskinin "Qu gölü", L.Minkusun "Don Kixot" və s. baletlərin tamaşaya qoyulmasını həyata keçirmişdi.[3]

Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Rauf Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır.[4]

  1. 1 2 National Library of Israel Names and Subjects Authority File (ivr.).
  2. Музыкальная энциклопедия в 6 томах / ред. Ю. В. Келдыш. — М.: Советская энциклопедия, 1973–1982 гг. — 6432 с.
  3. 1 2 3 4 5 Zemfira Qafarova. "Görkəmli dirijor, pedaqoq, ictimai xadim" (az.). medeniyyet.az. 15-03-2017. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  4. Әли Вәлијев. Зәнҝәзур гарталлары. Бакы: Ҝәнҹлик. 1970. səh. 106.
  • Е. Н. Абызова. "Картинки с выставки" Мусоргского. — М.: Музыка, 1987.
  • Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.