Hava proqnozu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hava proqnozu– İri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan təhlükəli hava hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s.) də xüsusi hava proqnozularına daxildir. Hava proqnozu sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur.[1]

Çoxillik hava proqnozları

[redaktə | mənbəni redaktə et]

48 saatdan artıq müddətə tərtib edilən proqnozlara uzunmüddətli proqnozlar deyilir. Praktiki olaraq 3 gündən bir neçə ay müddətinə qədər tərtib edilən proqnozlar bura aid edilir. Bəzən atmosfer sirkulyasiyasının ümumi xüsusiyyətlərini və hava şəraitinin bir il, bir neçə il və yaxud bir- neçə onilliklər qabaqcadan müəyyənləşdirməyə cəhd edilir. Belə proqnozlar daha uzunmüddətli və yaxud ultrauzunmüddətli proqnozlar adlanır. Çoxillik proqnozların məzmunu qısamüddətli proqnozlara nisbətən ümumi xarakterə malik olur. Bu proqnozlar ya meteoroloji elementlərin orta qiyməti şəklində, ya da onların müxtəlif qradasiyalarının təkrarlanması və ya çoxillik orta qiymətlərdən meyletmə şəklində verilir. Çoxillik hava proqnozlarının nisbətən ümumi şəkildə verilməsinə baxmayaraq, onlar böyük təsərrüfat əhəmiyyətinə malikdir. Çoxillik hava proqnozları əsasən atmosferin ümumi sirkulyasiyası ilə hava şəraiti arasında statistik əlaqələrin yaradılmasına əsaslanır.[2]

Proqnozların qiymətləndirilməsi

[redaktə | mənbəni redaktə et]

Proqnozun qiymətləndirilməsi faktiki (meteoroloji elementin müşahidə olunmuş məlumatı) məlumati ilə hesablanmış məlumat arasında fərqin tapılması prosesi. Havanın və iqlimin proqnozunun qiymətləndirməsinin məqsədi proqnostik kəmiyyətin:

  1. İqtisadi əhəmiyyətini;
  2. Elmi əhəmiyyətini;
  3. Inzibati əhəmiyyətinin nə qədər yararlı və yararsız olduğunu müəyyən etməkdən ibarətdir.

Proqnozun qiymətləndirməsinin əsas meyarı proqnozların terminalogiyasını müəyyən etməkdir. Bunun üçün proqnozun obyektivliyini gözləmək lazımdır. Proqnoz istər ədədi qiymətlə, istərsə də keyfiyyət xarakterli olsa belə dəqiq verilməlidir. Bəzi meteoroloqlar subyektiv qiymətləndirmənin lehinə çıxış edirlər, xüsusilə də sinoptik xəritələrin qiymətləndirilməsi zamanı. Bununla bele proqnostik kəmiyyətlər düzgün verilməlidir.[3]

  1. Əliyeva N. Ə. Hidrometeoroloji lüğət. Bakı 2005., 246 s
  2. С. П. Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.
  3. Q. K. Gül "Meteorologiya və iqlimşünaslıq" BAKI-1960