Dəkkən yaylası
Dekan | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 600 m[1] |
Sahəsi |
|
Yerləşməsi | |
15° şm. e. 77° ş. u.HGYO | |
Ölkə | Hindistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 .
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür. Yaylanın şimal -qərb hissəsini Üst Təbaşir– Paleosenin qalın (1500–1800 m) plato bazaltları (trapplar) tutur. Bazalt örtüyünün sahəsi 520 min km2 dən çoxdur. Faydalı qazıntıları: dəmir, mis, manqan, xrom, qızıl filizləri, nadir və radioaktiv elementlər, daş kömür və s. İqlimi subekvatorial mussondur. Orta tempreratur yanvarda 21–24 °C, mayda (ən isti ayda) 29–32 °C-dir. İllik yağıntı mərkəzi hissədə 500–700 mm, dağların küləktutan yamaclarında 2500–3000 mm-dir. Mühüm çayları: Narmada, Tapti, Qodavari, Krişna, Kaveri. Çay dərələri mərkəzi hissədə enli, yuxarılarda dar və dik yamaclıdır. Әksər çayların orta axınında iri suvarma sistemləri yaradılmışdır. Suvarma və su təchizatın da istifadə edilən 150- dən çox su anbarı var.
Qırmızı ferralit, bazalt örtüyü üzərində isə qara tropik torpaqlar (requrlar) yayılmış dır. Dağların küləktutan yamacları musson xəzan meşələri, yaylanın mərkəzi hissəsi seyrək meşə və quru savannalar, səhralaşmış savannalarla örtülüdür. Endemik meşələr (hind palıdı, terminaliya, sal ağacı, dəmirağac, bambuk) yayla ərazisinin 10%dən az bir hissəsində (dağ və təpələrin yamaclarında) qalmışdır. Әrazinin 65%dən çoxu şumlanmışdır; qalan hissəsindəki seyrək meşə və kolluqlar isə otlaq kimi istifadə nəticəsində məhv olmuşdur. Dəkkən yaylasının faunası, nəsli kəsilməkdə olan növlər (hind fili, benqal pələngi, dırnaqlıların, quş və sürünənlərin bir neçə növü) daxil olmaqla, qoruqlar və milli parklar şəbəkəsində qorunur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.