İnflyasiya
İnflyasiya[1][2](ing. Inflation, lat. inflatio — şişmə[3] deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi proseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. İnflyasiya yeni dövr tarixinin məhsulu deyil. Tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra ortaya çıxıb. Kağız pulların çapından sonra pul əmtəə kütləsinə nəzərən, dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Qiymətlərin hər cür artması inflyasiya demək deyil. Qiymətlər məhsulun keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin qalxımından ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olur.
İnflyasiya anlayışına, inflyasiya prosesinə müxtəlif istiqamətlərdə yanaşmaq olar:
- Ayrı-ayrı iqtisadi modellərin xüsusiyyətləri, obyektiv və subyektiv amillər, əmtəə pul sisteminin deformasiya olunması, istehsalla istehlak arasında ziddiyyətlər, sosial qrupların, cəmiyyətin, dövlətin bu prosesə yanaşması.
- İnflyasiya və milli gəlirin yenidən bölüşdürülməsi.
- İnflyasiya makroiqtisadi, ümumi iqtisadi problem, proses kimi.
Əvvəlki dövrlərdə inflyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pul buraxırdı. Son 30–40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.
Umumiyyətlə inflyasiyanın aşağıdakı növləri var:
- Qiymətlərin artım sürətinə görə
- Qiymətlərin tarazlıq səviyyəsinə görə
- Xarakterinə görə
İnflyasiyanın növləri
[redaktə | mənbəni redaktə et]Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var:
- Mülayim (sürünən) inflyasiya
- Sürətli (dördnala çapan) inflyasiya
- İfrat (hiper) inflyasiya
İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır. Bəzi iqtisadi cərəyanlarda (Məs: Keynsçilik) belə inflyasiyanı iqtisadi inkişaf üçün faydalı hesab edirlər. Bu halda pulun izafi dəyəri saxlanılır. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün bu növ inflyasiya xasdır. Mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. Çünki, əhali qiymətlərin artımını gözlədikdə onlar daha çox məhsul və xidmətlərdən istifadə etməyə çalışır, nəticədə istehsalçılar təklifi artırır, nəticədə bazarda bolluq yaranır. Bu sahibkarlıq fəaliyyətini stimullaşdırır.
İl ərzində qiymətlər 10% dən 20%-ə qədər artarsa ölkədə sürətli inflyasiya yaranacaqdır. Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən azından ölkənin maliyyə kredit sahəsinə ciddi təsir göstərir. Ölkəyə investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır.
İl ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə İfrat (hiper) infilyasiya meydana çıxır. Bu inflyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır. Pulun alıcılıq qabiliyyəti demək olar ki yox olur. Əhali ticarət əməliyyatlarını barter üsulu ilə həyata keçirir. İstehsal təşkil oluna bilmir, kəskin aşağı düşür, təklif azalır.
Hiperinfilyasiya zamanı bank sistemi dağılır, bazar mexanizmini, sahibkarlığı "iflic" edir. Hiper inflyasiya gözlənildiyi zamanı biznesdə təlaş yaranır.
Qiymətlərin tarazlıq səviyəsinə görə inflyasiyanın iki növü var: tarazlaşdırılmış və tarazlaşdırılmamış.
- Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-birinə nisbətən sabit qalır.Tarazlaşdırılmış infilyasiya sahibkarlıq fəaliyyəti üçün bir o qədər qorxulu deyil.Bu zaman yalnız vaxtaşırı olaraq əmtəələrin qiymətini qaldırmaq lazım gəlir.
- Tarazlaşdırılmamış inflyasiya şəratində isə müxtəlif əmtəələrin qiyməti bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda daim dəyişir.Tarazlaşdırılmış inflyasiya isə sahibkarlıq fəaliyyəti üçün əsl bəladır. Belə şəraitdə kapital qoyuluşu üçün sərfəli sferanı tapmaq, bu məqsədlə gəlirlilik baxımından ən əlverişli variantları müəyyən etmək mümkün deyildir.
Monetarist iqtisadçılar xarakterinə görə inflyasiyanı 2 yerə bölmüşlər; gözlənilən və qəfil.
Gözlənilən inflyasiya müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır müəyyən olunur. Belə inflyasiya zamanı banklar kreditlərin faizini artırır, istehsalçılar öz əmtəə və xidmətlərinin qiymətini qaldırır. Bir sözlə gözlənilən inflyasiyanın iqtisadiyata ciddi zərəri gözlənilmir. Qəfil inflyasiya ani anda baş verir. Birdən-birə qiymətlərdə sıçrayış baş verir. Hətta 10%-lik inflyasiyada belə iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Pul sisteminə və vergi sisteminə mənfi təsir göstərir.
Rəqabətli bazar şəraitinin hökm sürdüyü ölkələrdə açıq inflyasiya gedir. Bu şəraitdə qiymətlər qeyri bərabər sürətdə yüksəlir, iqtisadiyyatda tarazlıq pozulur, belə olmasına baxmayaraq bazar mexanizminin fəaliyyət prinsipi pozulmur.Belə ki, tələb və təklif arasında istər istəməz tarazlığın yaranması bazar mühitini normallaşdırır. Əmtəə və xidmətlərin qiymətinin yüksəlməsi iqtisadiyyata əlavə sərmayə qoyuluşuna gətirib çıxarır. Bu isə istehsalın artmasına və təklifin artmasına qiymətlərin normal hala düşməsinə gətirib çıxarır. Açıq inflyasiya bazar iqtisadiyyatı ölkələri üçün xarakterikdir.
İnflyasiyanın ölçülməsi, miqdarca qiymətləndrilməsi vacibdir. İnflyasiyanın ölçülməsi və ortaya çıxarılan rəqəm iqtisadiyyatın ümumi mənzərəsini əks etdirir. İnfilyasiyanın mövcudluğunu və səviyyəsini ÜDM–un defliyatoru, istehlakçı və istehsalçı qiymətləri indexi və d. üsullarlarla ölçürlər.
İnflyasiyanın səbəbləri
[redaktə | mənbəni redaktə et]İnflyasiyanın səbəbiləri çox məhəllidir. İnflyasiyanın əmələ gəlmə səbəbləri həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən mədaxilin azalması, xarici ticarət və ödəniş balansının mənfi saldosu aid edilir. Daxili səbəblərə ölkə, hökumət daxilində inflyasiyaya səbəb olan prosesləri aid etmək olar.
Doğrudan da inflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib məsələdir. İnflyasiyanı yaradan səbələrə aiddir konkretləşdirək.:
- İqtisadiyyatın hərbiləşdirilməsi.
- Azad rəqabətin inhisarla əvəz olunması.
- Gəlirlərin yenidən bölgüsü.
- Pul krediti və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da inflyasiyaya səbəb olur.
- Büdcə kəsrinin mövcudluğu.
- Pul tədavülü qanununa əməl olunmaması.
- Sərmayə qoyuluşunun həcmi.
- Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması.
- Xarici iqtisadi amillər.
Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsində qiymətlərin artması deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili qiymətlərin (bütün növ qiymətlərin) dünya qiymətləri səvviyəsinə çatdırılması, əmək haqlarının qaldırılması, monopolist firmalar tərəfindən qiymətlərin aşağı salınması və s-dir.
Tələb inflyasiyası Keynsçi analizin məhsuludur. Belə ki, tam məşğulluq şəraitində olan iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə bazarında əmtəələrə olan tələbin artmasına səbəb olacaq və qiymətlər qalxacaq.Yəni, tələb infilyasiyası o zaman meydana gəlir ki, pul gəlirləri məhsul və xidmətlərdən artıq olsun.
Hər ölkənin özündə inflyasiya vaxtı milli xüsusiyyətləri mövcud olur. Bunu ökələrin milli infilyasiyası adlandırmaq olar. Məsələn ABŞ-də (xüsusilə keçən əsrin 60–70 ci illərində) infilyasiya pul, pul dövriyyəsi amili ilə şərtlənmişdir. ABŞ da ərzaq, elektrik enerjisi, mənzil, nəqliyyat, tibbi xidmətlər, enerji resursları, xammal materialları və s nin qiymətləri qalxdığına görə bu həm əhalinin sosial vəziyyətinə, həm də orta və xırda sahibkarlığın inkişafına mənfi təsir etmişdir. Amerika iqtisadçısı Q Minz göstərirdi ki, hələ 50–60-cı illərdə ABŞ-də qiymət artımının ¾ hissəsi iri inhisarların qiymətləri süni şəkildə qaldırması ilə əlaqədar olmuşdur.
Müasir inflyasiyanın fərqləndirici xüsusiyyətləri var: əgər əvvəllər lokal xarakter daşıyırdısa indi o bütün sahələrə daxildir. Əgər əvvəllər uzunmüddətli və qısa müddətli, ya da periodik idisə, indi xroniki hal almış və istehsalda daimi faktordur. İnfilyasiyanın neqativ sosial, iqtisadi nəticələri vardır.Bu özünü aşağıdakı istiqamətlərdə göstərir.
- 1.Qiymət əmələ gəlməsinin bazar mexanizmlərinin, tələb strukturunun, iqtisadi subyektlər arasında əlaqələrin deformasiyaya uğraması
- 2.Pul gəlirlərinin azalması, qiymətdən düşməsi
- 3.Pul kredit sisteminin pozulması, kredit verməyə kreditorun marağının azalması
- 4.İnvestisiyaya mənfi təsir göstərməsi (kapitalın istehsaldan ticarətə meyl etməsi,uzun müddətli sərmayə qoyuluşunda risklərin çoxalması)
- 5.Dövlət mailiyyəsinə təsiri (Büdcə kəsrinin pul kütləsi artırılmaqla qapanması,xərclərin qiymətdən düşməsi)
- 6.Xarici iqtisadi əlaqələrə (tədiyyə balansına, milli valyutanın qiymətdən düşməsinə,xarici borcların ödənilməsinə
- 7.Az təminatlı əhaliyə mənfi təsiri
İnflyasiyaya qarşı tədbirlər
[redaktə | mənbəni redaktə et]Antiinflyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var.
Birinciyə aktiv büdcə siyasəti (müasir keynsçilər) – dövlət gəlirləri və vergidən istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini azaldır və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması həyata keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60–70-ci illərdə göstərdi ki, o, infilyasiyanı gücləndirə bilər. Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır.
İqtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarıdır. Onlar ilk öncə ön plana pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və elastikliklə təsir edirlər. Bu cür tənzimlənmə mərkəzi bank tərəfindən həyata keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki, dövlət alıcılıq qabiliyyətli tələbatı məhdudlaşdırmaq üçün defilyasiya tədbirləri həyata keçirməli, çünki iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin aşağı salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır.
Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq nəzarətdən çıxmış inflyasiyanın qarşısını almağa cəhd göstərərək belə adlanan qiymət və gəlirlər, əsas məqsəd əmək haqqının məhdudlaşdırılması siyasətidir. Belə ki, bu siyasət bazar strateqiyalı yox, inzibati mübarizə yolu olduğundan o həmişə qarşıya qoyulan məqsədə çatmır. İnflyasiya ilə mübarizə metodları birbaşa və dolayısı ola bilər.
Dolayısı metodlar:
- 1.ümumi pul kütləsinin mərkəzi bank tərəfindən tənzimlənməsi;
- 2.komersiya banklarının ssuda və hesabatlarının mərkəzi bank tərəfindən tənzimlənməsi;
- 3.Komersiya banklarının əsas ehtiyatları mərkəzi bankın açıq qiymətli kağızlar bazarında hərəkəti.
Birbaşa metodlar:
- 1.dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi;
- 2.dövlət qiymət tənzimlənməsi;
- 3.əmək haqqının dövlət tərəfindən tənzimlənməsi;
- 4.dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta kursunun tənzimlənməsi.
İnflyasiyanın sürətini salmaq deməli təsərrüfatda pul və mal kütləsi arasında fərqi azaltmaq deməkdir. Bunun üçün iqtisadiyyatı tarazlaşdıran bütün metodlar uyğun gəlir. Əsas tədbirlərə aşağıdakılar daxildir:
- 1.Ölkədə ərzaq bolluğu yaratmaq.
- 2.Xalq təsərrüfatı sahələrinin pozulmuş investisiya sahələrinin bərpası
- 3. Müəssisələrarası alqı-satqı münasibətlərini nizama salmaq.
- 4.Krizis vaxtı mərkəzləşdirilmiş bank sistemi təşkil etmək lazımdır.
İstehlak bazarını stabilləşdirmək məqsədəuyğundur. Kiçik biznesin istehsal və xidmət sferalarında inkişafını stimullaşdıran sistem yaratmaq, istehsal sahələrinin və dəzgahların icarəsinə (ardınca almaq imkanı olmaqda) dövlət krediti və lizinq kreditinin verilməsi. Kiçik müəssisələrin ilk 3–5 il fəaliyyətinin sığortalanması öhdəliyi — müflisləşmə riski xeyli çoxdur.
Böhran baş verən zaman daxili bazarın və şəxsi eksport fəaliyyətinə ciddi nəzarət olunması üçün dövlət tərəfindən müdafiə üçün səmərəli siyasət yeridilməlidir. Bütün eksport əməliyyatları dövlət tərəfindən idarə olunan bir neçə iri firmalar və sindikatlar tərəfindən komission vergilər üzərində eksport əməliyyatları yerinə yetirlməlidir. İnflyasiyanın qarşısını hər-hansı bir təşkil edilmiş tədbir vasitəsi ilə alınması çox çətindir, deməsək ki, tamamilə mümkün deyil. Bunun üçün iqtisadiyyatda baş verən disproporsiyaların aradan qaldırılması üçün, struktur islahatlar keçirilməlidir.
İnflyasiya monetar və yaxud struktur xarakter daşıya bilər. İnflyasiyanı dövlət büdcəsinin defisiti və mal göndərənlərlə istehsalçıların inhisarları stimullaşdırır. Ona görə də inflyasiya prosesi ilə mübarizə metodları adətən kompleks xarakter daşıyır.
Antiinflyasiya siyasəti
[redaktə | mənbəni redaktə et]Antiinflyasiya siyasəti – qiymətlərin ümumi səviyyəsinin sabitləşməsinə yönəlmiş makroiqtisadi siyasət; inflyasiya kəskinliyinin yumşaldılması.
Antiinflyasiya siyasəti inflyasiya proseslərinə qarşı mübarizə ilə bağlı tədbirlər sistemi vasitəsilə həyata keçirilir. Dövlətin antiinflasiya siyasəti əsasən, iki formada: aktiv (fəal) – inflyasiyanı törədən səbəbləri aradan qaldırmaqla və adaptasiya (uyğunlaşma) – inflyasiyaya uyğunlaşmaq və onun mənfi cəhətlərini azaltmaqla həyata keçirilir. Antiinflasiya siyasətinin iki istiqaməti var: a) məcmu tələbin tənzimlənməsi; b) məcmu təklifin tənzimlənməsi. Keynsçilər birinci istiqaməti, monetaristlər isə ikincini müdafiə edirlər.
Keynsinanti inflyasiya siyasəti
[redaktə | mənbəni redaktə et]İngilis iqtisadçısı C.M. Keynsin nəzəriyyəsinə görə, əhəmiyyətli dövlət sifarişlərini iri özəl firmalara yönəldib səmərəli tələb yaratmaqla təklifin səviyyəsini yüksəltmək olar. Multiplikasiya səmərəsi nəticəsində istehsal həcmi artacaq və işsizlik azalacaq. Təklifin çoxaldılmasının digər aləti əlavə investisiya cəlb edən ucuz kreditlərdir. Beləliklə, dövlət sifarişləri və ucuz kreditlərlə fəallaşdırılmış məcmu təklifin güclənməsi qiymətlərin enməsi və inflyasiyanın azalması ilə nəticələnir. Belə Antiinflyasiya siyasəti dövlət büdcəsi kəsirini artırır və bu kəsiri ödəmək üçün Keyns gələcəkdə ödəniləcək dövlət borclarından (istiqrazlarından) istifadə edilməsini təklif edir. Bu siyasət uzun müddətli dövrdə müsbət səmərə verir.
Monetarist antiinflyasiya siyasəti
[redaktə | mənbəni redaktə et]İnflyasiya ilə mübarizənin radikal üsulu. Monetaristlər təklif etmişdir. Monetarizm istiqaməti sonralar – Keynsin inflyasiya ilə mübarizə alətlərinin müsbət və mənfi cəhətləri təcrübədən bəlli olanda meydana gəlmişdir. Bir sıra ölkələrin dövlət borcu o qədər artmışdı ki, artıq onun daha da çoxalması praktiki cəhətdən mümkün deyildi. Monetaristlərin əsas ideyası məcmu tələbin aşağıdakı istiqamətdə azaldılmasıdır: 1) müsadirə tipli pul islahatları, yaxud əmanətlərin dondurulması (yerinə yetirilən proqramın birinci mərhələsində həyata keçirilməlidir) və ölkədə pul kütləsinin azalması ilə tələbin azaldılması; 2) sosial proqramların hesabına büdcə kəsirinin azaldılması; bahalı kreditlər tətbiq etməklə dotasiyaların, subsidiyaların azaldılması, bu öz növbəsində istehlakçı və investisiya tələbini aşağı salır, qeyri-səmərəli istehsalı müflisləşməyə, məhsul buraxılışını isə tənəzzülə aparır (proqramın 2-ci mərhələsində yerinə yetirilir); 3) güclü müəssisələrə aşağı vergi dərəcəsi tətbiq etməklə onların həvəsləndirilməsi, bu, investisiyaların, əmtəə təklifinin artmasına, həmçinin qiymətlərin düşməsinə səbəb olur və proqramın üçüncü mərhələsində həyata keçirilir. Birinci iki mərhələdə məcmu tələbi azaldan, 3-cü mərhələdə əmtəələrin həcmini artırmağı mükafatlandıran mexanizmlər tətbiq edilir. Monetarizm inflyasiyanı tamamilə pul fenomeni hesab edir, pul kütləsini kəskin azaltmağa və inflyasiyanı tezliklə aşağı salmağa imkan verən şok terapiyası metodunu təklif edir. Lakin bu metod istehsalın əhəmiyyətli dərəcədə aşağı düşməsi və əhali məşğulluğunun ixtisarı ilə müşayiət olunur. İnflyasiya ilə mübarizədə hansı konkret tədbirlərin seçilməsi onun hər bir ölkədə malik olduğu spesifik xüsusiyyətləri və dərinliyi ilə şərtlənir.
Antiinflyasiya tənzimlənməsi
[redaktə | mənbəni redaktə et]İnflyasiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi prosesi antiinflyasiya tənzimlənməsi adlanır. İqtisadi təcrübədə əsas tənzimləmə metodları aşağıdakılardır:[4]
- büdcə kəsirinin azaldılması;
- qiymətlərin tənzimlənməsi;
- gəlirlərin tənzimlənməsi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Devalvasiya
- Revalvasiya
- Deflyasiya
- Denominasiya
- Staqflyasiya
- Hiperinflyasiya
- Çaparaq inflyasiya
- Aqflyasiya
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-26.
- ↑ Azərbaycan dilinin orfoqrafiya lüğəti, 2004, Lider Nəşriyyat, Dövlət Dil Komissiyası, AEA-nın Nəsimi adına Dilçilik İnstitutu, səh. 304, ISBN 9952-417-00-2
- ↑ Словарь Иностранных Слов, Русский Язык, 1990, стр. 205, ISBN 5-200-01422-0
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 540 – 541. ISBN 978-9952-441-02-4.