iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.m.wikipedia.org/wiki/Çovğun
Çovğun — Vikipediya

Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır.[1] Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaradır.

Çovğun
Kanzasda çovğun.

Çovğunun növləri

redaktə
 
Şimali Dakotada mart ayında çovğun, 1966

Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun.

Səth çovğunu

redaktə

Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur.

Alt çovğun

redaktə

Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur

Ümumi çovğun

redaktə

Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur

Azərbaycanda çovğun

redaktə

Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir.[2]

Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir. Burada çox güclü çovğunlara da rast gəlinir. Alçaq dağlıq və qismən orta dağlıq zonada çovğun hadisələri o qədər də çox olmur və il ərzində 5 gün, 1600-1700 m hündürlükdə isə 10-15 gün təşkil edir. Böyük Qafqazda çovğunlar digər dağlıq ərazilərə nisbətən daha çox təkrarlanır. 2000-2200 m hündürlükdən başlayaraq çovğunlu günlərin sayı artır və 3000 m hündürlükdə 60 günü ötüb keçir. Dağ zirvələrində, heç nə ilə qorunmayan dağ yamaclarında, aşırımlarda çovğunların yaranma ehtimalı çoxalır. Məsələn, Göy-göl (Şəmkir) meteoroloji məntəqəsində il ərzində orta hesabla 40 çovğunlu gün müşahidə olunur. Yaxşı qorunan sahələrdə, yəni qapalı dağ vadilərində, çökəkliklərdə çovğunun fəaliyyəti zəifləyir. Külək tutan yamaclarda çovğunlar külək tutmayan yamaclara nisbətən daha tez-tez təkrarlanır və intensiv olur.

Çovğunlar adətən sentyabrdan aprelə qədər müşahidə olunur, lakin yanvar, fevral, dekabr ayları üçün daha səciyyəvidir. Yüksək dağlıq məntəqələrdə çovğun hadisələri hətta yay da müşahidə edilir.

Həm davamiyyətinə, həm də intensivliyinə görə çovğunlar müxtəlif olur. Ovalıq və dağətəyi rayonlarda çovğunların davamiyyəti bir neçə saat olur. Hündürlüyün artması ilə bu kəmiyyət çoxalır və yüksək dağlıq hissədə bir neçə gün təşkil edir.

Azərbaycanda çovğunlar zamanı külək adətən şimalqərb istiqamətli olur. Bəzi yerlərdə çovğun zamanı küləyin istiqaməti hakim küləyin istiqaməti ilə üst-üstə düşür. Çovğunlar zamanı küləyin sürəti 10-20 m/san, havanın temperaturu isə -0,1°-10° şaxta və daha aşağı olur.

Həmçinin bax

redaktə

Xarici keçid

redaktə

Təbii mənşəli fövqəladə hallar

İstinadlar

redaktə
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 727 səh.
  2. Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Azərbaycan Respublikasının coğrafiyası. I cild Fiziki coğrafiya. Bakı-2014. 530 səh.